Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük hərəkatı gəncləri vahid niyyət ətrafında birləşdirdi

21 may 2020 | 16:00

 Dövlət başçımızın ötən ilin son günlərində imzaladığı həmin rəsmi sənədin preambulasında qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Çünki könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 2020-ci ilin əvvəlindən bəri yaşadığımız epidemiya və pandemiya dövründə şahidi olduğumuz faktlar sübut etdi ki, Azərbaycan könüllüləri, sözün həqiqi mənasında, mükəmməl bir vətənpərvərlik məktəbinin müasir məzunlarıdır.
   Məhz Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan könüllüləri öz innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
   Çox təəssüf ki, könüllülərimiz son dörd-beş ayda xalqa və dövlətə tamamilə başqa bir ampluada xidmət etməli oldular. Çünki bu il bütün dünyanı öz mənhus təsiri altında saxlamağı bacaran koronavirus pandemiyası nəinki gənclərin və könüllülərin, hətta bütövlükdə dövlətlərin normal fəaliyyətini öz məcrasından çıxarmışdır. Azərbaycan xalqı məmnundur ki, dövlətimizin bu qorxunc bəlaya qarşı apardığı qətiyyətli və ardıcıl mübarizədə gənclərimiz, xüsusən, könüllülər gecə-gündüz dövlətin və məsul şəxslərin yanında oldular.
   Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək istiqamətində uğurla fəaliyyət göstərib. Bundan başqa, Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin "www.bizbirlikdegucluyuk.az" portalının yaradılması da təqdirəlayiqdir. Bildirilir ki, qısa müddət ərzində çoxlu sayda xeyriyyəçi portala müraciət edərək, bu xeyirxah təşəbbüsə qoşulub. Məhz bu portala və “Regional İnkişaf” İctimai Birliyinin “Çağrı mərkəz”inə edilən müraciətlər əsasında on minlərlə ailəyə sovqat çatdırılıb.
   Karantin rejimi müddətində könüllülərin gördüyü işlər, həyata keçirdiyi tədbirlər Azərbaycanda könüllülər hərəkatına dövlət səviyyəsində xüsusi əhəmiyyət verilməsinin nə qədər düşünülmüş addım olduğunu bir daha təsdiq edir. Xüsusilə vurğulamaq lazımdır ki, pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında da könüllülər uğurlu fəaliyyət göstəriblər.
   Könüllülər daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Mətbuat yazır ki, belə gənclərin sırasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Könüllü DOST” proqramının könüllüləri də var. 30-dan çox DOST könüllüsü tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşur və müvafiq istiqamətdə də yardımlar göstərirlər.
   Bundan başqa, Yeni Azərbaycan Partiyasının könüllüləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri də tənha, yaşlı, həssas qrupdan olan insanlara evlərində sosial xidmətlər, qayğı və yardım göstərirlər.
   Pandemiya dövründə qeyd edilən həssas əhali qruplarına sosial xidmətlərlə yanaşı, sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları da çatdırılır. Müxtəlif dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə sosial aksiyalar geniş vüsət alıb. Ərzaq yardımlarının evlərə çatdırılması işlərində də könüllülər yaxından iştirak edirlər. Onlar sosial xidmətçilərlə birgə bu ərzaq paylarını tənha yaşlılara və əlilliyi olan tənha şəxslərin evlərinə apararaq təqdim edirlər.                            

Keçidlər