Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

27 avqust 2019 | 16:00

   Avqustun 27-də Balakən rayon Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü olub. Rayon rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə ali məktəblərə qəbul imtahanlarında balakənli məzunların qazandıqları uğurlar barədə danışılıb.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, qəbul imtahanlarının nəticələri Balakən rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 284 nəfəri tələbə adını qazanıb. Məktəbi bitirənlərin 43, sənəd verənlərin isə 67 faizi ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məzunlardan 34 nəfəri 500-dən, 6 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Təhsil ilinin yekunlarına görə, 1 məzun gümüş medala layiq görülüb, 7 nəfərə fərqlənmə attestatı verilib.

   Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında kənd məktəblərinin məzunları xüsusilə fərqləniblər. Belə ki, 600-dən çox bal toplayan məzunlardan 3 nəfəri Qaravəli, 2-si isə Tülü kənd 1 saylı və Qazma kənd 2 saylı tam orta məktəblərin yetirmələri olublar. Ali məktəblərə qəbul olunanlardan 25 nəfəri kənd təsərrüfatı üzrə ixtisasları seçiblər.

   Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Təhsil Şöbəsinin metodisti, rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev, valideynlər adından Aygün Ustayeva, Vüsalə Nastakalova, Qaravəli kənd tam orta məktəbin direktoru Şərif Alqayev gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

   Qəbul imtahanlarında rayon üzrə ən yüksək – 655 bal toplayaraq Bakı Dövlət Universitetinə hüquqşünaslıq ixtisası üzrə qəbul olunan Tülü kənd 1 saylı tam orta məktəbin məzunu Jalə Nastakalova təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə tələbələr adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

   Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.                                

Keçidlər