Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2019-cu ilin I rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

16 may 2019 | 16:00

   İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər bu il də davam etdiriləcək. Belə ki, cari ildə rayonda yaş barama istehsalının əvvəlki illə müqayisədə 13 ton artırılaraq 43 tona çatdırılması nəzərdə tutulur. Barama yetişdirilməsi üçün 333 kümçü ailəsinə 1075 qutu ipəkqurdu paylanılıb.

   Bu barədə 2019-cu ilin birinci rübünün yekunları ilə əlaqədar mayın 16-da Balakəndə keçirilən müşavirədə deyilib.

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev hesabat məruzəsində qeyd edib ki, bu il rayonda 450 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 360 hektarda “Virciniya”, 10 hektarda “Berley”, 80 hektarda isə “İmmuniy” tütün sortları yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 340 hektar sahəyə tütün şitili köçürüblər.

   Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilir. Cari ilin yaz mövsümündə 400 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son illər rayon ərazisində 4 min 678 hektarda yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 10 min 344 hektara çatdırılıb.

   Bildirilib ki, cari ilin birinci rübündə rayonda iqtisadiyyatın əsas sahələri üzrə 35,9 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 9,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz artıb.

   Məruzədə birinci rübdə rayonda həyata keçirilən tikinti-quraşdırma işləri barədə də məlumat verilib. Bildirilib ki, hesabat dövründə Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarının, Balakən şəhərində “ASAN xidmət” mərkəzinin inzibati binasının tikintisi işləri davam etdirilib. Eyni zamanda, bir neçə dövlət qurumunun rayon şöbələri üçün yeni inzibati binaların tikintisinə başlanılıb.

   Hesabat yığıncağında həmçinin bu ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

   Müşavirədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək cari ilin birinci rübündə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.                                            

Keçidlər